Wednesday, June 27, 2007





باکي-آوروپا موناسيبتلري و گونئي آذربايجان محوري
Bakı-Avropa münasibətləəri və Güney Azərbaycan mehvəri

--------------------------------------------------------------------------------
گونتای جاوانشیر (گنجآلپ)
--------------------------------------------------------------------------------

اسکي سووئتلر و سوسياليست اؤلکه لرينده کي دؤولتلرین هئچ بيريسي نين اؤزلريني قورتارا بيله جک ايمکانلاري مؤوجود دئييل. بو اؤلکه لري قورتاراجاق سياسي، حقوقي، تئکنولوژي ايمکانلارين ايستيثناسيز اولاراق هاميسي غربي آوروپادا تجروبه لر شکلينده بيريکديرميشدير. چونکو روشوت، بيلگيسيزليک بو اؤلکه لري چؤکَرتميشدير. بونون بيلينجينده اولان اسکي سوسياليست شرقي آوروپا اؤلکه لري درحال آوروپا بيرليگينه گيريب و بو بؤيوک حقوقي، ايقتيصادي، مدني سورعتلي ترققي نين بير پارچاسي اولماغا اؤزَن گؤسترديلر. اونلار هئچ بير کومپلئکسه قاپيلمادان عکسيکليکلريني و کنديباشلارينا بو سورونو چؤزه بیلمه یه جکلريني اعتيراف ائديب، قورتولوشو غرب دَيَرلرينده، غرب دئموکراسيسينده گؤردولر و بو هدفه دوغرو يورودولر. بؤيوک آتاتورک ده کئچن عصرين باشلاريندا بو شکيلده بير تثبيتده بولونموشدو. آتاتورک آنلاميشدي کي، تورک تاريخينده گونوموزده کئچرلي اولاجاق بير تک اينساني، میللی-سیاسی اؤرنک مؤوجود دئييلدير. بو سببدن ده غرب دَيَرلريني مودئرن تورک تاريخينه هدف گؤسترميشدير. ياخلاشيق 100 ايلليک بير زامان ديليمي آتاتورکون حاقلي اولدوغونو ايثباتلاميشدير.

گونوموزده شيمالي آذربايجان دونيا طرفيندن باغيمسيز دؤولت کيمي تانينماقدادير. بو باغيمسيز دؤولتين تحصيل سيستئمي روشوت اساسيندا قورولموشدور. روشوت سادجه تحصيل سيستئمينده دئييل، جمعييتده بير کولتور، بير آليشقانليق حالينا گلميش و آديني دا "حؤرمت" قويموشدور. بو چيرکين موناسيبتلري آذربايجان جمعييتيندن سيله بيله جک ايمکان اونون تاريخينده مؤوجود دئييلدير. ذاتن موسلمان تاريخي ايله روشوت قوشوت (موازی) اولاراق گليشميشدير. آذربايجاني قورتولوشا آپاراجاق سياسي، ايقتيصادي، مدني دَيَرلري اونون تاريخينده آختارماق عاغيلسيزليقدان باشقا بير شئي دئييلدير کي، بو عاغيلسيزليغي بعضي اؤز جهالتينه حئيران اولان موحافيظه کار ميللييتچيلر عينادکارليقلا سوردورمک ايسته ييرلر. آيريجا، شيمالي آذربايجانين کيچيک بير دؤولت اولاراق روسييانين و ايرانين ائتکيسيندن قورتارا بيلمه سي اوچون ده حربي، ايقتيصادي، مدني گوجو يوخدور. اؤزلليکله 1992-جي ايلده بؤيوک خياللارلا ايقتيدارا گلن خالق جبهه سي مغلوبييتي سببي ايله ميللي هيجاني تاريخه گؤمدو. بير داها او هيجانين و او ائنئرژي نين اورتايا چيخاجاغي غئيري- مومکوندور. او ائنئرژيني ميللي هدفلر ايستيقامتينده يؤنلنديره جک کادرولار مؤوجود دئييلدي. اونا گؤره ده شيمالي آذربايجانين قارشيسيندا، يالنيز غربلشمک دورماقدادير. باشقا مدني بير آلتئرناتيو يوخدور. غئيري- مدني آلتئرناتيو ايسه ايرانين تاثيرينه دوشمه سيدير. ذاتن ايران، شيمالي آذربايجانين بير چوخ شيعه بؤلگه لرينده مرثيه ، آغلاشما و شاخسئي کولتورونو گليشديرميشدير. ايرانين بو تخريباتي نين قارشيسيني آلاجاق گوج ده آذربايجاندا مؤوجود دئييلدير. چونکو آذربايجانين اؤز تاريخي ده اصلینده صفوي خسته ليگينه موبتلادير. بونو اؤنله یه جک گوج ده غربده دير، غرب مدنييتينده دير، چاغداشليقدادير. ماددي حياتي غرب مدنييتي کشف ائتدي. ماددي حياتين چؤکدويو بير يئرده معنوييات دا اولماز. بو سببدن ده شيمالي آذربايجانين غربله ياخينلاشماسي اونون قورتلوشونو حاضيرلار. شيمالين قورتلوشو اؤز-اؤزونه گونئي آذربايجاني دا ائتکيليه جکدير. قورتولماميش شيمالي آذربايجاندان گونئيیین قورتولوشو اوچون بير شئيلر بکله مک بيتميشلیگین و توکنميشليگين گؤسترگه سيندن باشقا بير شئي دئييلدير.

شيمالي آذربايجانين آوروپا شوراسينا عضو اولماسي بو باخيمدان گئرچکدن تاريخي بير فورصتدير. او زاماندان گونوموزو قَدَر آوروپانين نظارتي نتيجه سينده روشوتين چؤکرتديگي حقوق سيستئمينده جوزیي ده اولسا گليشمه لر اولموشدور. بير چوخ قلم صاحيبلري حاکيمييتين غضبينه توش گلديکلري اوچون زيندانا آتيلديقلاري زامان آوروپا شوراسي سسيني اوجالتميشدير کي، شورايا عضولوک عؤهده ليکلرينيزي پوزماقداسينيز. بير چوخ بو کيمي حاديثه لري سايماق مومکوندور کي، آوروپا شوراسي نين باسقيسي نتيجه سينده موثبت ايستيقامته گتيريلميشدير.
شيمالي آذربايجانداکي گلير داغيليمينا دا آوروپا شوراسي نين نظارتي اولمازسا عدالتسيز شکيلده بؤلوشدوروله جکدير. وحشي کاپيتاليزم اورتايا چيخار کي، اونون اوچون نه اينکي گونئي آذربايجان، حتّی قوزئي آذربايجانين دا بير آنلامي قالماز، اونا لازيم اولان، يالنيز اؤز منافعيي اولار. پئترول ساتيشيندان الده ائديلن گلير داغيليمينا غربين نظارتي اولمازسا صينیفلرآراسي مسافه گئت- گئده درينلشه جک و اؤلکه نين زنگينلیگی، آنجاق بير اوووچ قدار حاکيم شخصلرين الي آلتيندا اولاجاقدير. بونو اؤنله يه بيله جک، آنجاق و آنجاق غرب مدنييتي و غرب دئموکراسيسي نين اورتايا قويدوغو آچيق جمعيت مودئليدير.

گونئي آذربايجاندان اولان بعضي اينسانلاريميز بوتون بو گئرچکليکلر گؤز اؤنونده ايکن، گونئيين قورتولوش موباريزه سينده شيمالي آذربايجانين نه کيمي رول اوستله نه بيله جگيندن دانيشماقدان خوشلانماقداديرلار. شيمالي آذربايجانا غربين قوياجاغي دئمکراسي سرمايه سي گونئي آذربايجان اوچون فورصتلر جرگه سينده گؤرونه بيلر. يوخسا شيمالي آذربايجان غرب مدنييتي نين و حقوق سيستئمي نين خاريجينده قالارسا اونون وارليغي دا اوزون وعده ده سوال آلتينا گئده بيلر. گونئي آذربايجانين ميللي موباريزه سي غرب حقوق سيستئمي زمينينده بير قورتولوشو هدفله مکده دير. بو سببدن ده شيمالي آذربايجان غربلشديکجه اؤز کيمليگينه مودئرن بير آچيدان باخماغي الده ائده جکدير کي، بو دا گونئي آذربايجان ميللي حرکتي اوچون سينانميش حاضير بير تجروبه اولا بيلر. يوخسا اونيوئرسيته لرينده، اوخوللاريندا تعليم- تربييه نين روشوتله اولدوغو، حقوق سيستئمينده مودئرن اينسان حاقلاري نين يئرلشمه ديگي شيمالي آذربايجاندان اؤيرَنه بيله جگيميز آرتيق بير شئي اولا بيلمز. شیمالی آذربایجان اقتیصادی، سیاسی، حقوقی باخیمدان نه قدر مدرنله شه جکسه، بیر او قدر گونئی آذربایجان اوچون گووَنچه قایناغینا دؤنوشه جکدیر.

15.06.07




Güntay Cavanşir (Gəncalp)

Bakı-Avropa münasibətləəri və Güney Azərbaycan mehvəri

Əski Sovetlər və sosialist ölkələrindəki dövlətlərin heç birisinin özlərini qurtara biləcək imkanları mövcud deyil. Bu ölkələri qurtaracaq siyasi, hüquqi, teknoloji imkanların istisnasız olaraq hamısı Qərbi Avropada təcrübələr şəklində birikdirmişdir. Çünkü rüşvət, bilgisizlik bu ölkələri çökərtmişdir. Bunun bilincində olan əski sosialist Şərqi Avropa ölkələri dərhal Avropa Birliyinə girib və bu böyük hüquqi, iqtisadi, mədəni sürətli tərəqqinin bir parçası olmağa özən göstərdilər. Onlar heç bir kompleksə qapılmadan əksikliklərini və kəndibaşlarına bu sorunu çözəməyəcəklərini etiraf edib, qurtuluşu Qərb dəyərlərində, Qərb demokrasisində gördülər və bu hədəfə doğru yürüdülər. Böyük Atatürk də keçən əsrin başlarında bu şəkildə bir təsbitdə bulunmuşdu. Atatürk anlamışdı ki, Türk tarixində günümüzdə keçərli olacaq bir tək insani, milli-siyasi örnək mövcud deyildir. Bu səbəbdən də Qərb dəyərlərini modern Türk tarixinə hədəf göstərmişdir. Yaxlaşıq 100 illik bir zaman dilimi Atatürkün haqlı olduğunu isbatlamışdır.

Günümüzdə Şimali Azərbaycan dünya tərəfindən bağımsız dövlət kimi tanınmaqdadır. Bu bağımsız dövlətin təhsil sistemi rüşvət əsasında qurulmuşdur. Rüşvət sadəcə təhsil sistemində deyil, cəmiyətdə bir kültür, bir alışqanlıq halına gəlmiş və adını da “hörmət” qoymuşdur. Bu çirkin münasibətləri Azərbaycan cəmiyətindən silə biləcək imkan onun tarixində mövcud deyildir. Zatən müsəlman tarixi ilə rüşvət qoşut (paralel) olaraq gəlişmişdir. Azərbaycanı qurtuluşa aparacaq siyasi, iqtisadi, mədəni dəyərləri onun tarixində axtarmaq ağılsızlıqdan başqa bir şey deyildir ki, bu ağılsızlığı bəzi öz cəhalətinə heyran olan mühafizəkar milliyətçilər inadkarlıqla sürdürmək istəyirlər. Ayrıca Şimali Azərbaycanın kiçik bir dövlət olaraq Rusiyanın və İranın etkisindən qurtara bilməsi üçün də hərbi, iqtisadi, mədəni gücü yoxdur. Özəlliklə 1992-ci ildə böyük xəyallarla iqtidara gələn Xalq Cəbhəsi də məğlubiyəti səbəbi ilə milli həyacanı tarixə gömdü. Bir daha o həyacanın və o enerjinin ortaya çıxacağı qeyri-mümkündür. O enerjini milli hədəflər istiqamətində yönləndirəcək kadrolar mövcud deyildi. Ona görə də Şimali Azərbaycanın qarşısında, yalnız Qərbləşmək durmaqdadır. Başqa mədəni bir alternativ yoxdur. Qeyri-mədəni alternativ isə İranın təsirinə düşməsidir. Zatən İran Şimali Azərbaycanın bir çox Şiə bölgələrində mərsiyə, ağlaşma və şaxsey kültürünü gəlişdirmişdir. İranın bu təxribatının qarşısını alacaq güc də Azərbaycanda mövcud deyildir. Çünkü Azərbaycanın öz tarixi də əslində Səfəvi xəstəliyinə mübtəladır. Bunu önləyəcək güc də Qərbdədir, Qərb mədəniyətindədir, çağdaşlıqdadır. Maddi həyatı Qərb mədəniyəti kəşf etdi. Maddi həyatın çökdüyü bir yerdə mənəviyat da olmaz. Bu səbəbdən də Şimali Azərbaycanın Qərblə yaxınlaşması onun qurtluşunu hazırlar. Şimalın qurtluşu öz-özünə Güney Azərbaycanı da etkiləyəcəkdir. Qurtulmamış Şimali Azərbaycandan güney qurtuluşu üçün bir şeylər bəkləmək bitmişliyin və tükənmişliyin göstərgəsindən başqa bir şey deyildir.

Şimali Azərbaycanın Avropa Şurasına üzv olması bu baxımdan gerçəkdən tarixi bir fürsətdir. O zamandan günümüzü qədər Avropanın nəzarəti nəticəsində rüşvətin çökərtdiyi hüquq sistemində cüzi də olsa gəlişmələr olmuşdur. Bir çox qələm sahibləri hakimiyətin qəzəbinə tuş gəldikləri üçün zindana atıldıqları zaman Avropa Şurası səsini ucaltmışdır ki, şuraya üzvlük öhdəliklərinizi pozmaqdasınız. Bir çox bu kimi hadisələri saymaq mümkündür ki, Avropa Şurasının basqısı nəticəsində müsbət istiqamətə gətirilmişdir.

Şimali Azərbaycandakı gəlir dağılımına da Avropa Şurasının nəzarəti olmazsa ədalətsiz şəkildə bölüşdürüləcəkdir. Vəhşi kapitalizm ortaya çıxar ki, onun üçün nəinki güney Azərbaycan, hətta Quzey Azərbaycanın da bir anlamı qalmaz, ona lazım olan, yalnız öz mənafeyi olar. Petrol satışından əldə edilən gəlir dağılımına Qərbin nəzarəti olmazsa siniflərarası məsafə get-gedə dərinləşəcək və ölkənin zənginliyi, ancaq bir ovuç qəddar hakim şəxslərin əli altında olacaqdır. Bunu önləyə biləcək, ancaq və ancaq Qərb mədəniyəti və Qərb demokrasisinin ortaya qoyduğu açıq cəmiyyət modelidir.

Güney Azərbaycandan olan bəzi insanlarımız bütün bu gerçəkliklər göz önündə ikən, Güneyin qurtuluş mübarizəsində Şimali Azərbaycanın nə kimi rol üstlənə biləcəyindən danışmaqdan xoşlanmaqdadırlar. Şimali Azərbaycana Qərbin qoyacağı demkrasi sərmayəsi Güney Azərbaycan üçün fürsətlər cərgəsində görünə bilər. Yoxsa Şimali Azərbaycan Qərb mədəniyətinin və hüquq sisteminin xaricində qalarsa onun varlığı da uzun vədədə sual altına gedə bilər. Güney Azərbaycanın milli mübarizəsi Qərb hüquq sistemi zəminində bir qurtuluşu hədəfləməkdədir. Bu səbəbdən də Şimali Azərbaycan Qərbləşdikcə öz kimliyinə modern bir açıdan baxmağı əldə edəcəkdir ki, bu da güney Azərbaycan Milli Hərəkəti üçün sınanmış hazır bir təcrübə ola bilər. Yoxsa universitələrində, oxullarında təlim-tərbiyənin rüşvətlə olduğu, hüquq sistemində moder insan haqlarının yerləşmədiyi Şimali Azərbaycandan öyrənə biləcəyimiz artıq bir şey ola bilməz. Şimali Azərbaycan iqtisadi, siyasi və hüquqi baxımdan nə qədər modernləşəcəksə, bir o qədər də Güney Azərbaycan üçün güvəncə qaynağına dönüşəcəkdir.

15.06.07

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home