Wednesday, June 27, 2007



گونئيده قوزئيين بايراغيني قالديرماق دوغرودور مو؟
--------------------------------------------------------------------------------
گونتای جاوانشیر (گنجآلپ)
--------------------------------------------------------------------------------
1- جی بؤلوم

ايستر داخيلي، ايسترسه خاريجي شرطلرين گليشمه سي و دييشمه سي ايله گونئي آذربايجانداکي ميللي حرکت سياسي ائوره سينه (مرحله سینه) يوکسلمه ايستيقامتينده دير. رئاليستيک بير پوليتيکا ايزله مه ين هر هانسي بير حرکت نه داخيلده، نه ده خاريجده اؤزونه موتتفيق تاپار. اولوسلارآراسي ايليشکيلر خياللار و ايدئآللار اساسيندا قورولمور، گئرچکليکلر اساسيندا قورولور. بوتؤو آذربايجان مسئله سي اولوسلارآراسي نين گئرچگي دئييلدير. گونئي آذربايجانداکي ميللي موباريزه نين ده گئرچکليگي دئييلدير. بوتؤو آذربايجان اوچون قوزئي آذربايجانين نه ايقتيصادي ايمکانلاري، نه سوسيال پسيکولوژيک دورومو، نه ده دئموکراتيک قاپاسيته سي بونا حاضيردير. آلمانيياني خاطيرلاياليم: غربي آلمانيياداکي ايقتيصادي اينکيشاف شرقي آلمانيياني ايچينه آليب هضم ائتدي. قوزئي آذربايجاندا بئله بير ايمکان وار مي؟ او زامان شعارلار يئرينه آلمانلار کيمي بيرليگين آلتياپيسيني عقلي پلاندا اولوشدورماق لازيم، خيال دونياسيندا دئييل.

ديپلوماسيده نه لري دانيشيب، نه لري داها سونرا دانيشاجاغيميزي بيلمه لي یيک. ديپلوماتيک ساواشين سيلاحلي موجاديله دن داها چتين اولدوغونو بيلمه لي یيک. بو گون گونئي آذربايجانين دا تاريخي ستاتوسو بوتؤو آذربايجان اوغرونا موباريزه آپاراجاق ياپيدا و ايمکاندا دئييلدير. او زامان بو او دئمکدير کي، بوتؤو آذربايجان سياسي بير سورون دئييل، مدني بير سوروندور. اوزون وعده ده مدني پلانداکي چاليشمالار بوتؤو آذربايجان مسئله سيني سياسي اولقويا چئويره بيلر. هر بير سياسي داورانيشين آرخاسيندا ايقتيصادي ايمکان، سوسيو-پسيکولوژيک دستک و اولوسلارآراسي اورتامين اورتاق گؤروشو دورسا گرک. بوتون بو وئريلردن يولا چيخاراق بوتؤو آذربايجان ايدئياسي نين نه قوزئيده، نه ده گونئيده سياسي بير سورون اولماديغي گؤرونمکده دير. بوتؤو آذربايجان مسئله سيني سياسي سورون اولاراق گؤرنلر اولوسلارآراسي رأيين، داخيلي شرطلرين نه آنلاما گلديگيني بيلمه ين ماجراچيلاردير. البتته کي، هر بير حرکتده ماجراچيلار دا اولار، آنجاق ماجرا بيريکميش ميللي ائنئرژيني بوشونا خرجله مکدن باشقا بير شئيه خيدمت ائتمز. غرب دؤولتلري نين آناياسالارينداکي ائتنيک حاق آنلاييشي و BMT- نين مرامنامه سينده کي "ميللي حاق" مفهومو گونئي آذربايجانداکي ميللي اويانيشا اؤزو-اؤزلوگونده دستک وئرمکده دير. بو سببدن ده گونئي آذربايجان ميللي مسئله سي نين اولوسلارآراسي ايليشکيلره داشينماسي بير او قدر ده چتينليکلرله راستلانماياجاق، يئتر کي، گونئي آذربايجانين سياسي شخصييتلري اولوسلارآراسي موناسيبتلر حاققيندا بيلگي الده ائده بيليب و خياللارا گؤره دئييل، رئاليته لره گؤره داورانسينلار.

قوزئي آذربايجانین بايراغي BMT-ده و دونيادا باشقا بير اؤلکه نين وارليغيني تمثيل ائتمکده دير. 8 ميليون قوزئي آذربايجان اينساني عومومييتله بو بيرلشمه يه حاضير مي؟ قوزئي آذربايجانين پرئزيدئنتي بونا نه دئيير؟ قوزئي آذربايجانين BMT-ده کي تمثيلچيسي بوتون دونيايا اعلان ائتمه دي مي کي، ايراندا هر شئي، او جومله دن اينسان حاقلاري دا يئرلي- يئرينده دير؟ او زامان واختي يئتيشمه ميش بير ايدئياني حياتا کئچيرمک چاباسي سادجه بوشونا بير امک دئييل، هم ده او ايدئيانين هئچ بير زامان حياتا کئچمَيه جَگينه شرایط یاراتماقدیر. آيريجا ايران کيمي قدار بير موحيطده يئنييئتمه لريميزين، گنجلريميزين بوشونا اؤلومونه، جاسوسلوق آدي ايله ازيلمه لرينه و بلکه ده موقاويمتلري نين قيريليب عومومييتله بو يولدان چکيلمه لرينه سبب اولا بيلر. يعني مسئولييت داشيييريقسا، گئرچکلري درک ائديريکسه او زامان "قوزئي آذربايجانين بايراغيني گونئيده قالديرين!" دئيه تلقينده و تبليغاتدا بولونماماليييق. هر هانسي بير حرکتده بايراق مسئله سي هئچ بير زامان سورون اولماميشدير. سورون اولان دوشونجه مسئله سيدير. دوشونجه لر يئتيشديکدن و دونيا شرطلري حاضير اولدوقدان سونرا بايراق بيرجه هفته يه ده حاضيرلانا بيلر. نئجه کی قوزئی آذربایجاندا دا او شکیلده اولدو. روس ایمپراتورلوغو داغیلار-داغیلماز بایراق دا اورتایا چیخدی. ندن؟ چونکو قوزئیین آیدینلاری داها اؤنجه نیسبی حاضیرلیق آپارمیشدیلار. عکسيک اولان اونسور بايراق دئييل بيزيم داوادا. عکسيک اولان شئي ميللي دوشونجه ني توپلومون بوتون طبقه لري نين درينليگينه داشيماقدير. هله تجروبه قازانماق يولوندا اولان گونئي آذربايجان ميللي حرکتيني مسئولييتسيزليگيميزين ديشيندا "قوزئيين بايراغيني اوردا- بوردا قالديرين"- دئمه ميزله ميللتين عاقيبتيني نئجه بير تهلوکه يه سوروکله مه ميزي آنلاماليييق.

گونئي آذربايجاندا "آذربايجان بير اولسون، مرکزي تبريز اولسون" - دئين اينسانلار دا آذربايجانين بولوندوغو دورومو آنلامادان، يالنيز حيسسيياتا قاپيلميش اينسانلاردير. حيسسييات زيان وئرمه ديگي موددتجه گؤزلدير، لاکين سياسي موباريزه ده ضرر وئرير. چونکو مرکزين تبريز اولماسي ايله باغلي موباريزه حاقدا هم قوزئيده، هم ده گونئيده ائکونوميده، دئموکراسيده، اولوسلارآراسي موناسيبتلرده چوخ ايشلر گؤرمک لازيم. بئله بير سوال سوراليم: بيز شعارلار اوغرونا گنجلريميزي فدا ائتمه لي یيک، يوخسا مشخص بير هدف اوغرونا بيلينجلنديرمه لي و ايستيقامتلنديرمه لي یيک؟ چونکو بو گون گونئي آذربايجان اوغرونا موباريزه سياسي بير حرکت ايکن، بوتؤو آذربايجان اوغرونا وئريلن شعارلار گونوموز آچيسيندان ماجرادان باشقا بير شئي دئييلدير.

مرکز تبريز اولان بوتؤو آذربايجان مسئله سي اورتا دوغونون و دونيانين سياسي و ايقتيصادي موناسيبتلريني دييشديره جکدير. بونا ايسه آذربايجان قايناقلي چوخ گوج لازيمدير کي، بو گون بيز دئمک اولار کي، اوندان تامامي ايله محروموق. بو کيمي شعارلار آذربايجانين غربده کي دستگينه سون وئره بيلر. ندن؟ چونکو بوتؤو آذربايجان مسئله سي ائله مؤوضوعدور کي، بؤيوک دؤولتلرين ده چيخارلاري ايله حسابلاشماق لازيم اولاجاق. سادجه بيزيم حاضيرليغيميز يئترلي دئييل، اولوسلارآراسي موحيط ده حاضير اولماليدير. اؤز آنا ديلينده بير جومله ني دوغرو-دوروست يازا بيلمه يَن بير خالقين بو قدر بؤيوک بير مسئله ني اولوسلارآراسينا آنلادا بيله جگي اينانيلير اولاراق گؤرونمور. او زامان اؤنجه اؤز آنا ديلينده يازيب اوخوماغي اؤيرنسين، دوشونجه لريني تورکلشديرسين، نه ايسته ديگيني اؤنجه ائنينه-بويونا آنلاسين، سونرا بوتؤولوکدن دانيشسين. بو گون باکيدا بئله، بوتؤو آذربايجان ايدئالينا اينانان اينسانلار زيندانلاردا ايکن، يا دا يوخسوللوق ايچينده قيوريليب دورماقدا ايکن، بئله بير مؤوضوعنو سياسي گوندم اولاراق سانماق جهالتدن باشقا بير شئي دئييلدير. گونئي آذربايجانداکي ميللي-اينقيلابي ائنئرژيني بو کيمي آوانتورالار بوشلوغا دوشورمکدن باشقا هئچ بير شئيه خيدمت ائتمه یه جه ییک.

بو گونکو ايمکان و گئرچکليگي نظره آلاراق "گونئي آذربايجان مرکزلي پوليتيکا" اوزَرينه تئوريک، ايدئولوژيک سرمايه ياتيرماق لازيم. شعارلار دا بونا گؤره ترتيب ائديلمه ليدير. بیر فرانسیز آتا سؤزونده دئییلدیگی کیمی "اونجه گولله نی آتیب صونرا هدفه توشلامامالییق، اؤنجه هدفه توشلاییب صونرا گولله نی آتمالییق"

26.05.2007



Güneydə Quzeyin bayrağını qaldırmaq doğrudur mu?

I bölüm

İstər daxili, istərsə xarici şərtlərin gəlişməsi və dəyişməsi ilə Güney Azərbaycandakı milli hərəkət siyasi evrəsinə yüksəlmə istiqamətindədir. Realistik bir politika izləməyən hər hansı bir hərəkət nə daxildə, nə də xaricdə özünə müttəfiq tapar. Uluslararası ilişkilər xəyallar və ideallar əsasında qurulmur, gerçəkliklər əsasında qurulur. Bütöv Azərbaycan məsələsi uluslararasının gerçəyi deyildir. Güney Azərbaycandakı milli mübarizənin də gerçəkliyi deyildir. Bütöv Azərbaycan üçün Quzey Azərbaycanın nə iqtisadi imkanları, nə sosial psikolojik durumu, nə də demokratik qapasitəsi buna hazırdır. Almaniyanı xatırlayalım: Qərbi Almaniyadakı iqtisadi inkişaf Şərqi Almaniyanı içinə alıb həzm etdi. Quzey Azərbaycanda belə bir imkan var mı? O zaman şüarlar yerinə almanlar kimi birliyin altyapısını əqli planda oluşdurmaq lazım, xəyal dünyasında deyil.

Diplomasidə nələri danışıb, nələri daha sonra danışacağımızı bilməliyik. Diplomatik savaşın silahlı mücadilədən daha çətin olduğunu bilməliyik. Bu gün Güney Azərbaycanın da tarixi statusu Bütöv Azərbaycan uğruna mübarizə aparacaq yapıda və imkanda deyildir. O zaman bu o deməkdir ki, Bütöv Azərbaycan siyasi bir sorun deyil, mədəni bir sorundur. Uzun vədədə mədəni plandakı çalışmalar Bütöv Azərbaycan məsələsini siyasi olquya çevirə bilər. Hər bir siyasi davranışın arxasında iqtisadi imkan, sosio-psikolojik dəstək və uluslararası ortamın ortaq görüşü dursa gərək. Bütün bu verilərdən yola çıxaraq Bütöv Azərbaycan ideyasının nə Quzeydə, nə də Güneydə siyasi bir sorun olmadığı görünməkdədir. Bütöv Azərbaycan məsələsini siyasi sorun olaraq görənlər uluslararası rəyin, daxili şərtlərin nə anlama gəldiyini bilməyən macəraçılardır. Əlbəttə ki, hər bir hərəkətdə macəraçılar da olar, ancaq macəra birikmiş milli enerjini boşuna xərcləməkdən başqa bir şeyə xidmət etməz. Qərb dövlətlərinin anayasalarındakı etnik haqq anlayışı və BMT-nin məramnaməsindəki “milli haqq” məfhumu Güney Azərbaycandakı milli oyanışa özü-özlüyündə dəstək verməkdədir. Bu səbəbdən də Güney Azərbaycan milli məsələsinin uluslararası ilişkilərə daşınması bir o qədər də çətinliklərlə rastlanmayacaq, yetər ki, Güney Azərbaycanın siyasi şəxsiyətləri uluslararası münasibətlər haqqında bilgi əldə edə bilib və xəyallara görə deyil, realitələrə görə davransınlar.

Quzey Azərbaycanın bayrağı BMT-də və dünyada başqa bir ölkənin varlığını təmsil etməkdədir. 8 milyon Quzey Azərbaycan insanı ümumiyətlə bu birləşməyə hazır mı? Quzey Azərbaycanın prezidenti buna nə deyir? Quzey Azərbaycanın BMT-dəki təmsilçisi bütün dünyaya elan etmədi mi ki, İranda hər şey, o cümlədən insan haqları da yerli-yerindədir? O zaman vaxtı yetişməmiş bir ideyanı həyata keçirmək çabası sadəcə boşuna bir əmək deyil, həm də o ideyanın heç bir zaman həyata keçməyəcəyinə şərait yaratmaqdır. Ayrıca İran kimi qəddar bir mühitdə yeniyetmələrimizin, gənclərimizin boşuna ölümünə, casusluq adı ilə əzilmələrinə və, bəlkə də, müqavimətlərinin qırılıb ümumiyətlə bu yoldan çəkilmələrinə səbəb ola bilər. Yəni məsuliyət daşıyırıqsa, gerçəkləri dərk ediriksə o zaman “Quzey Azərbaycanın bayrağını Güneydə qaldırın!” deyə təlqində və təbliğatda bulunmamalıyıq. Hər hansı bir hərəkətdə bayraq məsələsi heç bir zaman sorun olmamışdır. Sorun olan düşüncə məsələsidir. Düşüncələr yetişdikdən və dünya şərtləri hazır olduqdan sonra bayraq bircə həftəyə də hazırlana bilər. Necə ki, Quzey Azərbaycanda da o şəkildə oldu. Rus imperatorluğu dağılar-dağılmaz bayraq da ortaya çıxdı. Nədən? Çünkü Quzeyin aydınları daha öncə nisbi hazırlıq aparmışdılar. Əksik olan ünsür bayraq deyil bizim davada. Əksik olan şey milli düşüncəni toplumun bütün təbəqələrinin dərinliyinə daşımaqdır. Hələ təcrübə qazanmaq yolunda olan Güney Azərbaycan Milli Hərəkətini məsuliyətsizliyimizin dışında “Quzeyin bayrağını orda-burda qaldırın”- deməmizlə millətin aqibətini necə bir təhlükəyə sürükləməmizi anlamalıyıq.

Güney Azərbaycanda “Azərbaycan bir olsun, mərkəzi Təbriz olsun”- deyən insanlar da Azərbaycanın bulunduğu durumu anlamadan, yalnız hissiyata qapılmış insanlardır. Hissiyat ziyan vermədiyi müddətcə gözəldir, lakin siyasi mübarizədə zərər verir. Çünkü mərkəzin Təbriz olması ilə bağlı mübarizə haqda həm Quzeydə, həm də Güneydə ekonomidə, demokrasidə, uluslararası münasibətlərdə çox işlər görmək lazım. Belə bir sual soralım: Biz şüarlar uğruna gənclərimizi fəda etməliyik, yoxsa konkret bir hədəf uğruna bilincləndirməli və istiqamətləndirməliyik? Çünkü bu gün Güney Azərbaycan uğruna mübarizə siyasi bir hərəkət ikən, Bütöv Azərbaycan uğruna verilən şüarlar günümüz açısından macəradan başqa bir şey deyildir.

Mərkəz Təbriz olan Bütöv Azərbaycan məsələsi Orta Doğunun və dünyanın siyasi və iqtisadı münasibətlərini dəyişdirəcəkdir. Buna isə Azərbaycan qaynaqlı çox güc lazımdır ki, bu gün biz demək olar ki, ondan tamamı ilə məhrumuq. Bu kimi şüarlar Azərbaycanın Qərbdəki dəstəyinə son verə bilər. Nədən? Çünkü Bütöv Azərbaycan məsələsi elə mövzudur ki, böyük dövlətlərin də çıxarları ilə hesablaşmaq lazım olacaq. Sadəcə bizim hazırlığımız yetərli deyil, uluslararası mühit də hazır olmalıdır. Öz ana dilində bir cümləni doğru-dürüst yaza bilməyən bir xalqın bu qədər böyük bir məsələni uluslararasına anlada biləcəyi inanılır olaraq görünmür. O zaman öncə öz ana dilində yazıb oxumağı öyrənsin, düşüncələrini türkləşdirsin, nə istədiyini öncə eninə-boyuna anlasın, sonra bütövlükdən danışsın. Bu gün Bakıda belə, Bütöv Azərbaycan idealına inanan insanlar zindanlarda ikən, ya da yoxsulluq içində qıvrılıb durmaqda ikən, belə bir mövzunu siyasi gündəm olaraq sanmaq cəhalətdən başqa bir şey deyildir. Güney Azərbaycandakı milli-inqilabi enerjini bu kimi avanturalar boşluğa düşürməkdən başqa heç bir şeyə xidmət etməz.

Bu günkü imkan və gerçəkliyi nəzərə alaraq “Güney Azərbaycan Mərkəzli Politik Davranış” üzərinə teorik, ideolojik sərmayə yatırmaq lazım. Şüarlar da buna görə tərtib edilməlidir. Bir Fransız ata sözündə deyildiyi kimi “Öncə gülləni atıb sonra hədəfə tuşlamamalıyıq, öncə tuşlayıb sonra gülləni atmalıyıq.”

26.05.2007

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home