Sunday, October 7, 2007


Güney Azərbaycan mədəniyyətində Türkiyə amili
-------------------------------------------------------------------------------
Pərvanə MƏMMƏDLİ
-------------------------------------------------------------------------------

1828-ci ilin mə’lum hadisələrindən sonra Azərbaycan iki hissəyə bölündü. Bir hissəsi İran’ın, digər hissəsi Çar Rusiya’nın tərkibinə qatıldı. O dövrdən etibarən Quzey və Güney Azərbaycanda mədəniyyət, o cümlədən ədəbiyyat, mətbuat, ictimai-siyasi, tarixi amillərlə şərtlənən özünəməxsus inkişaf qanunauyğunluqları ilə inkişaf etməyə başladı.

Azərbaycan’ı iki yerə ayıran sərhəd 1925-ci ilə qədər nisbi xarakter daşıyırdı. Yalnız Pəhləvilər (1925-1978) hakimiyyətə gəldikdən sonra Araz’ın hər "iki tayı" arasında əlaqələrə son qoyuldu.

Əhalisinin yarıdan çoxunu Azəri [Türk] və başqa Türk [Türkül] xalqlarının təşkil etdiyi İran o illərdən e’tibarən tarixi-külturoloji baxımdan onlara yaxın olan Türkiyə ilə təmasda olur, ondan mə’nəvi dəstək alırdı.

Tanınmış Azərbaycan ziyalılarının böyük bir qismi Türkiyədə ali təhsil alıb, təcrübə keçib formalaşıb, Türk[iyə] təfəkkür tərzinə və mədəniyyətinə yiyələniblər. Geri qayıdarkən onlar qazandıqları təcrübəni, görüb əxz etdikləri yenilikləri İranda tətbiq edib yayırdılar.

Mirzə Həsən Rüşdiyyə XIX əsrin II yarısında Osmanlı İmperiyasının ərazi daxilində olan Beyrut şəhərində Türk ziyalılarından dərs aldıqdan sonra Türkiyəyə gəlir. İstanbul’un elm, maarif və mədəniyyətlə zəngin mühiti onda maarifçilik ideyalarının yaranmasında və inkişafında böyük rol oynayır.

M. H. Rüşdiyyə sonralar vətənə qayıdıb yeni üslubda məktəblər açmaq təşəbbüsündə bulunur. Təbriz, İrəvan və Tehranda açdığı bu məktəblərə Türkiyədə qəbul etdiyi kimi "Rüşdiyyə" adı verir, həmin tarixdən Rüşdiyyə sözü Mirzə Həsən’in təxəllüsünə çevrilir. Rüşdiyyə ibtidai məktəblər üçün Azərbaycan və Fars dillərində 20-dən çox dərslik yazır. Onların içində Türk balalar üçün yazdığı "Vətən Dili" adlı kitabı xüsusi əhəmiyyət daşıyır. Qeyd etmək lazımdır ki, onun İrəvanda və Azərbaycan’ın bir çox şəhərlərində açdığı məktəblərdə tədris ana dilində aparılırdı.

M. H. Rüşdiyyə İranda müasir tipli ilk məktəbin əsasını qoymuşdur. Artıq XX əsrin əvvəllərində Rüşdiyyə’nin tə’siri altında İranda və Güney Azərbaycanda onlarla yeni "Rüşdiyyələr", "Kamal", "Tərbiyət", "Nübar", "Pərvəriş", "Loqman" və s. kimi məktəblər açılmışdı.


XIX əsrin sonlarında İranda hökm sürən despotizmə və mütləqiyyətə qarşı çıxıb vətənin tərəqqisi uğrunda mücadilə edən mütəfəkkir ziyalılar az deyildi. Onların bir qismi ölkəni tərk edərək xaricdə bir çox cəmiyyətlər yaradaraq onun ətrafında birləşir, qəzetlər təsis edib bunlar vasitəsilə İran xalq[lar]ının ictimai fikrinin inkişafında və siyasi hazırlığında müstəsna rol oynayıblar.

Bu mühacirət qəzetləri içərisində ən nüfuzlusu Türkiyənin İstanbul şəhərində çap olunan "Əxtər" (1875-1896) qəzeti idi. Tək Güney Azərbaycan’ın deyil, İran mətbuatı tarixində ilk mühacir mətbu orqanı sayılan bu qəzet Təbrizli Ağa Məhəmməd Tahir tərəfindən nəşr olunurdu.

Tanınmış rus şərqşünası K. Çaykin "Əxtər" qəzetini fövqəladə tə’sir buraxan bir qəzet kimi təqdim edərək yazırdı: "Onun məqalələri İran cəmiyyəti üçün vəhy kimi bir şey idi". İran xalqının oyanmasında müstəsna rol oynayan bu qəzet mövcud quruluşu tənqid edən və bu quruluşda dəyişiklik aparmaq zərurətini irəli sürən birinci mühacir qəzet idi.

Görkəmli Güney Azərbaycan yazıçısı Əbdürrəhim Bəy Talıbov, tanınmış maarifpərvər xadim Məhəmməd Şəbüstəri (Əbu Ziya) tərəfindən 1898-ci ildə İstanbulda çap olunan "Şahsevən" qəzeti İran mühacirət mətbuatında ilk satirik qəzet idi. Qəzetin nüsxələri Paris, London və Avropa’nın digər ölkələrində də yayılırdı.

Tarixdən mə’lum olduğu kimi, 1918-ci ilin aprelində Güney Azərbaycana Türk[iyə] hərbi hissələri daxil olmuşdu. Türk[iyəli]lərin gəlişi ilə vilayətdə milli əhval-ruhiyyəli dairələrin fəaliyyəti canlanmışdı. Təbrizdə Türk[iyəli]lər panislamist təşkilat olan "İttihad-e islam"i şöbəsini təşkil etmişdilər. Onlar həmçinin Azərbaycan [Türk] dilində "Azərbaycan" qəzetinin nəşrini təşkil etmişdilər. Qəzetin redaktoru gənc müəllim, şair, Təbrizli Tağı Rəfət idi. Qəzetin Türkçülük ideyasının təbliğinə xidmət edirdi. Bu mətbu orqanın səhifələrində Türklər, Azərbaycanın əhalisinin Türklər olması, Farslar və Turan Azərbaycanın qədimdən Türk ölkəsi olması haqqında yazılar dərc edilirdi.

Urmiya [Urmu] şəhərində isə tədrisin Azərbaycan Türkcəsində aparıldığı məktəblər açılmışdı. Məktəbdə şəhərin savadlı ziylıları və Türk[iyəli] zabitləri dərs deyirdilər. Məktəbdə Urmiya [Urmu] uşaqları və gənclərinə onların Türk olduqları təlqin edilir, Fars dili xarici dil kimi tədris edilirdi. Güney Azərbaycan tarixinin tanınmış araşdırıcısı V. Mustafayev yazır ki, "Təbrizdə nəşr edilən "Azərbaycan" qəzeti və Urmiya [Urmu] dakı Türk məktəbi Türk birliyi ideologiyasının yayıcıları və Azərbaycan’ın Türkçülük əsasında milli şüurunun dərinləşməsi və genişlənməsi vasitəsi idi".

1917-ci il aprelin 9-dan Şeyx Məhəmməd Xiyabani’nin rəhbərliyi ilə nəşr olunan "Təcəddüd"in ətrafına toplaşan Tağıxan Rəfət (o müəyyən müddət qəzetin redaktoru olub), Cəfər Xamneyi, Şəms Kəsmai kimi şairlər ümumi İran ədəbiyyatında həm forma, həm də məzmunca "Təcəddüd" (yeniləşmə) yaradaraq tək Güney Azərbaycanda deyil, bütün İranda sərbəst şe’rin təməlini qoyublar. Xiyabani’nin başçılıq etdiyi Təbrizdəki 1920-ci il 17 aprel üsyanından sonra Tağıxan Rəfət Gənclər Təşkilatının orqanı olan "Azadistan" dərgisinin də redaktoru olub.

Tağıxan Rəfət iste’dadlı lirik şair kimi tanınan Həbib Sahir’in Fıransız dili müəllimi olub. Həbib Sahir isə öz növbəsində Tağıxan Rəfət’in və özünün layiqli davamçısı olan Həmid Nutqi’nin coğrafiya müəllimi və yaxın dostu olub.

Türkiyədə ali təhsil alan Həbib Sahir’in dünyagörüşünün yetkinləşməsinə İstanbul təhsili və mühiti böyük təsir göstərir. Sahir orada Tovfiq Fikrət, Cəlal Sahir, Yəhya Kamal, Nazim Hikmət kimi görkəmli şairlərlə tanış olur (bə’ziləri ilə şəxsən), onları mütaliə edir. (Şairin özünün yazdığına görə Türkiyədə olarkən güclü mütaliəsi ona şe’r yazmağa imkan vermirdi. O burada yalnız iki qəzəl yazır ki, o da İstanbul Türkcəsi ilə olur). Türkiyədə o ilk dəfə əruz vəznində təmiz Türkcə yazan, lakin bələd olduğu Fars şe’rinə heç bənzəməyən şair - Yəhya Kamal’ın pərəstişkarlarından olur.

Sahir’in ilk qələm təcrübəsi Fıransızcadan çevirdiyi bir şe’r və Şeyx Məhəmməd Xiyabani’nin ölümünə yazdığı bir mərsiyə olur. Sahir sonralar yazdığı "Məktəb xatirələri" şe’rində Xiyabani’nin uşaqlar üçün ayırdığı məktəblərindən bəhs edir və sevimli müəllimi T. Rəfəti anırdı.

Sonralar H. Sahir öz ustadı T. Rəfət’in yolunu tutaraq onun layiqli davamçısı olmuşdur. O da ustadı kimi İranda şe’r aləmində ona qədər qoyulmuş qəlibləri sındırıb bu sahədə "cəsarətli" addımlar atdı.

Həbib Sahir "Sahir" təxəllüsünü şe’rlərinin vurqunu olduğu yuxarıda adı çəkilən Cəlal Sahir’dən götürüb, onun kimi lirik şe’rlər yazıb.

"Mənim içərimdə inləyən bu saz, Yalnız Türkçülükdən söyləyir avaz" - söyləyən şair Türkiyədən qayıdandan sonra uşaqlarla Türkcə danışdığı üçün onu cəzalandırırlar, "sərgərdan Yəhudi kimi" - bu şəhərdən o şəhərə köçürürlər. Qəzvin, Zənqan, Mazəndaran, Tehran və Ərdəbildə çox acınacaqlı şəkildə yaşayıb müəllimlik edən Sahir yaşantısını, düşüncələrini aşağıdakı misralarda verirdi:

Anlatdılar...
Get məktəbə uşaq oxut,
Dərsdən sonra, dön evinə
Xoşdur daxma...
Qaranlığa qərq oluban
Parlaq qızıl günə baxma
Ya da, qul ol,
Dərdə alış,
Farsca danış.
Əsirliyi, dərvişliyi təlqin eylə
Uşaqlara.

O bilirdi ki, ana dilini qorumaq bütövlükdə milli mövcudiyyəti yaşatmaq deməkdir. Sahir bunu dərindən dərk edir, "Turrihata çox inanma" şe’rində soydaşlarına xitabən yazırdı:

Gəl atəşə qızım, yanma,
Turrihata çox inanma,
Zənci danmaz öz dilini,
Hindi sevər öz elini.
Kimsə yolun çaşıb azmaz
Türki deyib Farsı yazmaz.

1946-cı ildə Milli Hökumət’in fəaliyyəti dövründə Yazarlar Birliyi’nin rəhbəri və təcrübəli şair kimi Sahir şairlərə xalq üçün yazmağı, özü də hisslərə qapılmadan, xalqın anladığı qədər sadə yazmağı tövsiyə edir, özü də həmişə bu yolu tuturdu. Sahir şe’r yazmağa əruz vəzni ilə başlasa da, sonralar heca vəzninə üstünlük verdi. O, sərbəst şe’rə çox tələbkarlıqla yanaşır, onun köklərini bəhri təvillə əlaqələndirirdi. Lakin o, sərbəst şe’rdə də haca vəzninin qaydalarına riayət etməyin tərəfdarı idi.

Şairin hələ sağlığında ikən bir neçə şe’ri o cümlədən, "Lirik şe’rlər", "Kövşən", "Səhər ışıqlanır" və s. kitabları çap olunub.


Həmid Nutqi vaxtı ilə Tağı xan Rəfət və başqalarının İranda təməlini qoyduqları sərbəst şe’rin layiqli davamçılarındandır. H. Nutqinin şair kimi formalaşmasında müəllimi və yaxın dostu şair Həbib Sahir’in böyük tə’siri duyulur. Beləliklə də, zəncir tək bir-birinə bağlı və bir-birinin davamçısı olan bu üç şəxsiyyət İranda modern Azərbaycan [Türk] şe’rinin yaranması və inkişafında önəmli rol oynayıblar.

Həmid Nutqi ədəbiyyata olan həvəsini atası ilə bağlayır. Bu barədə xatirələrində yazırdı: "Atam ədəbiyyatçı idi. Atamın bir xobbisi də vardı, qəzet koleksiyası toplayırdı. "Molla Nəsrəddin", "Nəsim-e Şimal" və s. qəzetləri o qədər oxumuşdum ki, əzbər bilirdim. Elə yazı xəstəliyim də ordan başladı. Atam şe’r də yazırdı. Mən də ona baxıb yazdım. Mən elə bilirdim ki, dilimizdə ancaq komik və məzhəkə (satirik) şe’rlər deyilir, yazılır. Ciddi şe’rlər isə Farsca olur, ibtidai məktəbdə Türkcə danışdığım üçün məndən ilk cəriməni aldılar. Mən Türkcə və Farscanın fərqinə vaqif oldum. Anladım ki, bunların pul fərqləri varmış... Evdə olanda atam deyərdi ki, filan kəlmənin Farscası yoxdur.

İstanbula gəldikdən sonra gördüm ki, Türkcə ciddi şe’rlər də varmış. Təəccüb etdim, yavaş-yavaş gördük ki, bizim də ciddi şe’rlərimiz ola bilər. Sonralar Abadanda işləyərkən oranın kitabxanasında filologiya və ədəbiyyatla bağlı kitabları oxuyub araşdırmağa başladım".

Doktor Həmid Nutqi’nin kökü "Dədə Qorqud"dan gələn və simvolik mə’na daşıyan şe’rləri öz yeni forma və dərin fəlsəfi məzmunu ilə seçilir. Onun şe’rlərinin çoxuna mübariz ruh hakimdir.

H. Nutqinin bir şe’rində milli istiqlal mübarizəmizin rəhbərlərindən biri - Şeyx Məhəmməd Xiyabani gələcək nəsillər üçün bayraq, nümunə, örnək kimi dəyərləndirilir.

Cənubi Azərbaycan Türklərinin hüquqlarının məhdudlaşdırılması, onların elm və maarif ocaqlarından məhrum edilməsi burada yaranan poeziyaya bəşəri kədər ovqatı aşılayır. Lakin bu şe’rlərin ruhundakı sərbəstlik, mübarizlik bu kədərin səciyyəvi çevrilməsinə imkan vermir.

Həmid Nutqi "Ana dil - sevgili dil" şe’rində qədim və zəngin tarixi olan, indi isə yer üzünə səpələnmiş Türk tayfaları və onların törəmələrinin tale yollarından, tarixdəki maddi-mə’nəvi izlərindən bəhs edir:

Sərkərdə Səbüklərlə elin şanı ucaldı,
Türk’ün adı hər guşədə bir vəlvələ saldı.
Zəncirdə əsirkən, yenə [?] də ola bildik,
Dünyada baş olduqsa da, adil qala bildik...
Sən’ətdə, ziraətdə, hünərdə əlimiz var,
Bax hər yana, hər guşədə bizdən neçə iz var...

Şair bu şe’rində əsrlər boyu İranda Türklərin Fars dilini öz doğma dilləri tək qoruyub dirçəltməsini, Vətən yolunda canlarından belə keçməsini poetik detallarla xatırladır. Sonra isə H. Nutqi Fars dilinə qarşı çıxmadan öz xalqının milli haqlarının ən başlıcası olan ana dilində yazıb-oxumaq hüququnun müdafiəsinə qalxır.

Dilçi alim doktor H. Nutqi həmişə yazırdı ki, bizi istəməyənləri hər şeydən əvvəl varlığımızın əsası olan dilimiz maraqlandırır. O, hakim rejimin Azərbaycan Türkcəsinə qarşı apardığı milli-şovinist siyasətin mahiyyətini "Cadı" ("Cadu") şe’rində açıqlayaraq ona öz münasibətini bildirirdi:

Məni ovsunlayan cadı
Məni ovladı,
Dilimdən bağladı...
Açılmazsa dilim,
Kim biləcək mən kiməm?

Doktor H. Nutqi İranda ümumi əlaqələr elminin banisidir. Ə. Təbatəbai Universiteti tərəfindən ona "Yeni ümumi əlaqələr elminin atası" titulu verilib. Uzun müddət Güney Azərbaycanda tanınmış alim, ictimai xadim, Türkoloq və ədəbiyyatşünas alim doktor Cavad Heyət’in rəhbərliyi ilə 20 ildən artıq çap olunan, səhifələrində ortaq Türk mədəniyyəti, tarixi birliyi ilə bağlı yazılar dərc olunan Tehranda Azərbaycan Türkcəsində çıxan "Varlıq" dərgisinin baş yazarı olub. "Varlıq"da Türkologiya, ədəbiyyatşünaslıq, publisistikaya aid yazılar və şe’rlərlə çıxış edirdi. Dilçiliyin ümumi problemləri, milli mənəvi intibah, milli düşüncənin formalaşması və s. onun yazılarının əsas mövzusu olub.

Onun "Hər rəngdən", "Köhnə dəftər", "Gənclik günahları", "Min ilin sonu" və başqa kitabları Tehran, Bakı və Ankarada çap olunub.

"Varlıq" dərgisinin fəaliyyəti ilə bağlı qeyd etmək yerinə düşər ki, nəşr olunduğu ilk dövrlərdən (1979-cu ildən) başlayaraq dərgi Azərbaycan ədəbiyyatını, mədəniyyətini ümumTürk mədəniyyəti kontekstində öyrənilməsini və ortaq Türk dili düşüncəsini müdafiə edib. Dərginin səhifələrində eyni zamanda Zeynep Korkmaz, Ali Yavuz Akpınar, Faruk Sümer və başqa Türkiyə alimlərinin də əsərləri yayınlanıb.

Göründüyü kimi, Sovetlərin dəmir sərhədləri Quzey Azərbaycanı Güney Azərbaycandan ayıranda İranda yaşayan Türklər öz mə’nəvi ehtiyaclarını ödəmək və dəstək almaq üçün üzlərini Türkiyəyə tutmuş, orada qazandıqları təcrübəni əməli həyata tətbiq edərək faydalanıblar.

Pərvanə MƏMMƏDLİ,

filologiya elmləri namizədi

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home